bazar ertəsi 23 mart 2026 - 17:58
Höccətül-İslam Əhməd Safi İran və Livana qarşı aparılan ədalətsiz müharibənin dərhal dayandırılmasını tələb edib

Hövzə / Höccətül-İslam Əhməd Safi İran və Livana qarşı aparılan ədalətsiz müharibəni qətiyyətlə pisləyərək onun dərhal dayandırılmasını tələb edib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, müqəddəs Kərbəla  şəhərində Fitr bayramı namazı zamanı çıxış edən xətib, Höccətül-İslam Əhməd Safi, çıxışı zamanı İran və Livana qarşı aparılan ədalətsiz müharibəni qətiyyətlə pisləyib və onun dərhal dayandırılmasını tələb edib.

O, həmçinin müsəlmanlar, dünyanın azadlıqsevər insanlarını və təsirli beynəlxalq qurumları, xüsusilə islam ölkələrini bu müharibəyə son qoymaq və iki məzlum xalqla həmrəylik nümayiş etdirmək üçün bütün səylərini səfərbər etməyə çağırıb.

Höccətül-İslam Əhməd Safi deyib: Biz bu ədalətsiz müharibəni ən sərt ifadələrlə pisləyirik və bütün müsəlmanlardan, o cümlədən dünyanın azadlıqsevər insanlarından xahiş edirik ki, onu pisləyərək İran və Livanın iki məzlum xalqı ilə həmrəylik göstərsinlər. Həmçinin bütün beynəlxalq qurumlardan və dünya ölkələrindən, xüsusilə islam ölkələrindən onun dayandırılması üçün maksimum səylərini göstərmələrini istəyirik.

O, izah edərək bildirib: Adətən bayram öz mahiyyətinə görə sevinc mənasını daşıyır, lakin bu gün möminlərin qəlbi din və insanlıq baxımından müsəlman qardaşlarımızın başına gələnləri görməklə param-parça olur. Biz Allahın nemətlərinə görə sevinc hissi yaşayıb bayram keçirdiyimiz halda, digər tərəfdən uşaqların fəryad səsləri ucalır, dərdli anaların göz yaşları axır və davam edən hərbi təcavüz səbəbindən İran və Livanda insanların təhlükəsiz evləri üzərində alovlar yüksəlir.

Höccətül-İslam Safi əlavə edib: İman əməl və həmrəylikdir. Bu çətin şəraitdə, fəlakətin daha da genişləndiyi və köçkünlərin və zərərçəkənlərin ehtiyaclarının artdığı bir zamanda, şəri və insani vəzifəmiz tələb edir ki, zərər görmüş qardaşlarımıza yardım əlimizi uzadaq.

O, qeyd edib ki, İraqın ali dini mərcəyi-təqlidləri öz xeyir və bərəkət qapısını açaraq şəri haqların (mərcəiyyətin icazəsi ilə müəyyən istiqamətlərdə xərclənə bilən maliyyə resursları) İran və Livandakı zərərçəkənlərin ağrı-acılarını azaltmaq istiqamətində sərf edilməsinə icazə verib, lakin bu iş etibarlı kanallar vasitəsilə, o cümlədən İraqın ali mərcəyi-təqlidlərinin ofisləri üzərindən həyata keçirilməlidir. Hər kəs ehtiyacı olan şəxsləri tanıyırsa, yardımları birbaşa və vasitəçi olmadan onlara çatdıra bilər.

Fitr bayramı namazının xətibi davam edərək bildirib: Bayram Allahla əhdi yeniləmək, bir-birini bağışlamaq, qohumlarla əlaqələri möhkəmləndirmək və ehtiyac sahiblərinə qayğı göstərmək üçün bir fürsətdir. Hərçənd qəlblərimiz ətrafımızda baş verənlərdən dolayı qəmlə doludur, lakin Allahın rəhməti genişdir. Biz səbir və təqva nümayiş etdirdiyimiz təqdirdə, onun vəd etdiyi nicat qapısı yaxındır.

Höccətül-İslam Safi öz xütbəsini dua edərək sonlandırıb: İlahi, biz ehtiyac əllərimizi sənə doğru qaldırırıq və sən özün duaları eşidənsən. İlahi, möminləri harada olurlarsa olsun hifz elə, bəlanı onlardan uzaqlaşdır və qəlblərini haqq üzərində birləşdir. İlahi, vətənlərini müdafiə etmək uğrunda canlarını fəda edən şəhidləri peyğəmbərlər və siddiqlərlə birlikdə məhşur elə. İlahi, onların ailələrinə səbir və təsəlli bəxş et, yaralılarına şəfa və əsir olanlarını azad et. İlahi, hər yerdə və hər zaman müsəlmanlara yardımçı ol və onları zalım qövm üzərində qalib et.

Höccətül-İslam Əhməd Safi İran və Livana qarşı aparılan ədalətsiz müharibənin dərhal dayandırılmasını tələb edib

Höccətül-İslam Əhməd Safi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha